

Frans Kafka - Hökm
Bazar günü, gözəl bir yaz səhəri idi.
Gənc tacir Georq Bendeman çay kənarındakı yastı damlı balaca evin alt qatında, öz kabinetində oturmuşdu; bir-birindən yalnız rəngi və hündürlüyü ilə seçilən belə evlər sahil boyunca sıralanıb gedirdi. O, xaricdə yaşayan dostuna təzəcə yazıb tamamladığı məktubu tələsmədən zərfə qoydu, sonra masaya dirsəklənib pəncərədən çaya, çay üzərindəki körpüyə və qarşı sahildə yaşıllaşmağa başlayan yastı təpələrə göz gəzdirdi.
Doğma yurdda işlərinin düz gətirmədiyindən təngə gəlib, bir neçə il öncə Rusiyaya yollanan bu dost Georqu əməlli-başlı düşündürməyə başladı. İndi o, Peterburqda qərar tutmuşdu və ilk zamanlar babat gedən ticarət işləri deyəsən son illər hey xarabalaşırdı, çünki hər gəlişində yazıq daha çox gileylənirdi; elə gəlişlərinin sayı da getdikcə seyrəlirdi və bu minvalla qürbətdə elə də xeyir görmədən boşuna əlləşib-vuruşur, olmazın zülmünü çəkirdi. Ciddi xəstəlik əlaməti kimi hələ uşaqlıqdan tanış çöhrəsinə yayılmış sarılıqsa yad yerin əyani nişanəsi olan cod saqqala zərrəcə məhəl qoymadan öz köhnə ağalığında idi. Dostun sözündən belə çıxırdı ki, nə orda yaşayan həmyerliləri ilə dil tapıb münasibət qura bilmişdi, nə də yerli rus ailələrinə yol tapmışdı: eləcə yalqız subay həyatı sürürdü.
آردینی اوخو/ Ardını oxu